Mən, Həşimov Elşən Qiyas oğlu, 2 noyabr 1970-ci il tarixində Lənkəran rayonunun Boladı kəndində anadan olmuşam. Azərbaycanlıyam. 1978-ci ildə Boladı kənd orta məktəbinə daxil olmuşam və həmin məktəbi 1988- ci ildə müvəffəqiyyətlə bitirmişəm. 1988-ci ildə Azərbaycan Respublikası Hərbi Komissarlığı tərəfindən Xarkov şəhərində yerləşən Raket Qoşunlarının Ali Hərbi Komandanlıq-Mühəndislik Məktəbinə təhsil almağa göndərilmişəm. 26 iyun 1992-ci il tarixində məni oxumaqdan azad etmişdirlər və xidmətimi davam etdirmək üçün Prikarpat Hərbi Dairəsi 33874 saylı hərbi hissəyə göndərmişdirlər. 29 iyun 1992 -ci ildə xidmətdən tərxis olunmuşam. 1993- cü ilin 3 sentyabrından Xarkov Hərbi Universitetində təhsilimi davam etdirmişəm. 25 iyun 1994 - cü il tarixində Xarkov Hərbi Universitetini “mühəndis-mexanik” ixtisası üzrə "qızıl medalla" və fərqlənmə diplomu ilə bitirmişəm və mənə “leytenant” hərbi rütbəsi verilmişdir. Xarkov Hərbi Universitetini bitirdikdən sonra 1995 -ci ilin sentyabr ayına qədər Ukraynanın Nikolayev vilayətinin Pervomaysk şəhərində 16613 saylı hərbi hissədə heyət rəisi vəzifəsində xidmət etmişəm. 1995- ci ildə qəbul imtahanlarını əla qiymətlərlə verərək Xarkov Hərbi Universitetinin əyani adyunkturasına qəbul olunmuşam. 1998-ci ildə adyunkturanı müvəffəqiyyətlə bitirmişəm. Adyunkturada oxuduğum müddətdə məxfi mövzuda elmi araşdırmalar apararaq hazırlanmış dissertasiyanı Xarkov Hərbi Universitetinin ixtisaslaşdırılmış elmi şurasına təqdim etmişəm və 1998 –ci ilin dekabrında müvəffəqiyyətlə müdafiə etmişəm. Ukrayna Ali Attestasiya Komissiyası tərəfindən mənə “Silah və hərbi texnika” ixtisası üzrə “texnika elmləri namizədi” elmi dərəcəsi verilmişdir. 1998-ci ilin 4 sentyabrından 1999-cu ilin 14 iyununa kimi Xarkov Hərbi Universitetinin “Raket silahları və texnoloji qurğular” kafedrasında “assistent” vəzifəsində, həmin müddətdən 12 yanvar 2000-ci il tarixinə kimi isə həmin kafedrada “müəllim” vəzifəsində xidmət etmişəm. 12.01.2000-ci il tarixindən öz xahişimlə Ukrayna Silahlı Qüvvələrindən tərxis olunaraq Vətənə qayıtmışam. 10 mart 2000-ci il tarixində Azərbaycan Respublikası Müdafiə Nazirinin əmri ilə Azərbaycan Ali Hərbi Məktəbinin Hava hücumundan müdafiə kafedrasının müəllimi vəzifəsinə təyin olunmuşam. 29 dekabr 2002-cü ildə Azərbaycan Respublikası MN- nin əmri ilə Azərbaycan Ali Hərbi Məktəbi Mexanika kafedrası rəisinin müavini vəzifəsinə təyin olunmuşam. 2007-ci ilin noyabr ayından 2013-cü ilin aprel ayına qədər Mexanika kafedrasının rəisi vəzifəsini icra etmişəm. 2014-cü ilin fevral ayından Silahlı Qüvvələrin Hərbi Akademiyasının Elm və Adyunktura şöbəsinin dosenti, 2014-cü ilin avqust ayından isə Elm və Adyunktura şöbəsinin rəisi vəzifələrində xidmət etmişəm. 2015-ci ilin fevral ayından Silahlı Qüvvələrin Hərbi Akademiyasının Adyunktura və Elm şöbəsinin rəisi-professor vəzifəsində xidmət etmişəm. Azərbaycan Respublikası Müdafiə nazirinin 15.05.2020-ci il tarixli əmri və Silahlı Qüvvələrin Hərbi Akademiyası rəisinin 31.05.2020-ci il tarixli əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışam. 01.06.2020-ci il tarixindən 08.06.2022-ci il tarixədək Silahlı Qüvvələrin Hərbi Akademiyasının Adyunktura və Elm şöbəsinin Adyunkturasında “professor-məsləhətçi” vəzifəsində işləmişəm. 08.06.2022-ci il tarixdən 28.09.2022-ci il tarixədək Milli Müdafiə Universiteti Hərbi Elmi Tədqiqat İnstitutunun Fundamental elmlər şöbəsinin professoru, 28.08.2022-il tarixindən bu günədək Milli Müdafiə Universiteti Hərbi Elmi Tədqiqat İnstitutunun professor-məsləhətçi (Elmi katib) vəzifəsində işləyirəm. 2017-ci il iyun ayında “Milli təhlüəsizlik və humanitar elmlər kafedrası üzrə professor” elmi adı, 2019-cu ilin iyul ayında “Milli təhlükəsizlik və hərbi elmlər doktoru” elmi dərəcəsi almışam.